"Bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil edilib. Həmin ərazilərdə son aylarda gərginlik müşahidə olunub".
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.
E.İbrahimov qeyd edib ki, bunun səbəbi Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar, onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyi olub:
"Bizim tərəfimizdən bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Orada düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün val yollarının çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınımıza qarşı atəş açılıb. Nəticədə 2 hərbi qulluqçumuz yaralanıb. Görülmüş təxirəsalınmaz təxliyə tədbirləri tədbirlər nəticəsində onlar xilas edilib və hazırda onların sağlamlığına heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub”.