"Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir".
Bu barədə "Report"a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
"2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, yaşı 35-dək olan və möhlət hüququ olmayan vətəndaşlarımız Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə yola salınırlar.
Əlbəttə ki, bu gün çağırışçıların həyatında əlamətdar gündür. Onlar Konstitusiyada təsbit edilmiş vəzifələrini yerinə yetirmək üçün böyük ruh yüksəkliyi ilə müddətli həqiqi hərbi xidmətə gedirlər. Silahlı Qüvvələrimizin bir parçası olacaq övladlarını, doğmalarını sevərək xidmətə göndərən valideynlər və onların yaxınları ənənələrinə sadiq qalaraq gənclərin hərbi xidmətə yola salınma mərasimində yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.
Çağırışçılar hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, əcdadlarımızın keçdiyi şərəfli yolu inamla davam etdirəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər.
Bir daha xatırladaq ki, gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!", - qurumdan bildirilib.