Bakı. 29 iyun. REPORT.AZ/ "Torpaqlarımızın işğalda olması hər bir azərbaycanlı kimi mənim də sızlayan yaramdır". "Report"
O bildirib ki, uşaqlıqdan hərbi formaya marağım olub, əsgər olmaq arzusu ilə yaşayıb: "Lakin uzun illər bu arzuma çata bilmirdim. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduda apardığı uğurlu islahatların bütün sahələrdə səmərəli nəticə verdiyinin və hər kəsin ürəyincə olduğunun şahidiyəm".
V.Məmmədova qeyd edib ki, Azərbaycanda aparılan uğurlu islahatlardan biri də qadınların orduya cəlb olunmasıdır: "Snayperin əsas keyfiyyətləri hədsiz səbr, ustalıqla maskalanaraq gözə görünməmək qabiliyyəti və hadisələri intuisiyanın köməyi ilə öncədən təxmin etmək bacarığıdır. İntuisiya isə qadınlarda güclüdür. Snayper üçün sadəcə atəş açmaq azdır. Gizlənməyi, saatlarla hərəkətsiz qalmağı bacarmalısan. Snayper duelində birinci tərpənən ölümə məhkumdur. Həyatım boyu məqsədlərimə çatmaq üçün mübarizə aparmışam. Çətin də olsa nail ola bilmişəm. Forma geyinmək, əlimdə silah Vətənimə xidmət etmək başlıca məqsədlərimdən biri olub. Məqsədimin birinci mərhələsini uğurla başa vurmuşdum. Artıq hərbi xidmətdəydim. İkinci məqsədim isə snayper olmaq idi. İlkin ixtisasım operator olsa da, snayper olmaq istəyirdim. Yuxarı komandanlığa müraciət etdim və snayper hazırlığı kursuna göndərildim. Növbəti məqsədim isə cəbhə bölgəsinə yollanmaq düşmən ilə üz-üzə dayanıb xidmət etməkdir".
V.Məmmədova deyib ki, əsas məqsədi şəhidlərin qisasını almaq, torpaqları işğaldan azad etməkdir: "Əli silah tuta bilən hər bir insan, canlı qüvvə, düşmən qarşısında maneə olmalıdır. Xidmət etmək kənardan göründüyü kimi çətin deyil. Ürəyində Vətən eşqi olan hər bir azərbaycanlı bu şərəfli yolda hərbçilərin yanında olmalıdır".
Digər snayperçi qadın Könül Məmmədlinin sözlərinə görə, ona SVD snayper tüfəngi təhkim olunub: "Bu silah peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanıb. Tüfəngdən atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Silahımın taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələdəm. Keçirilən bir sıra təlimlərdə iştirak etmişəm. Təlimlər zamanı “əla” qiymət almışam. Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram".
O qeyd edib ki, bu yolda ona atası da dəstək olur: "Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb hərbçi olmaq arzusunda olduğumu dedim. İllər əvvəl hərbçi olmaq arzuma maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb mənə dəstək verdi".
K.Məmmədli vurğulayıb ki, Azərbaycanda istənilən sahədə inkişaf var, Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının daha çox olduğu diqqət mərkəzindədir: "Bu hər bir döyüşçümüzə düşmən üzərində qələbə qazanmaq üçün əlavə stimul verir. Biz gənclər çox şanslıyıq ki, müasir və müstəqil ordumuzun sıralarında xidmət edirik. Ümummilli liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin bir zamanlar qeyd etdiyi kimi, "Bu günümzün gəncləri özlərini xoşbəxt sanmalıdır ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub". Hər birimiz yaxşı başa düşürük ki, qarşımızda dayanan ən mühüm vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına kimi düşməndən azad etməkdir".