Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə şəhid ailələri ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə şəhid ailələri ilə görüşüb Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Azərbaycan səfirliyində olub. Səfir Faiq Quliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisinə sə
Hərbi
28 Sentyabr , 2022 21:54
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə şəhid ailələri ilə görüşüb

Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycan səfirliyində Gürcüstanda olan şəhid ailələrinin üzvləri ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Faiq Quliyev çıxış edərək Gürcüstanda yaşayan soydaşlarımızın Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycan dövlətinə göstərdiyi dəstək və yardımlardan söz açıb. Gürcüstandan olan 22 soydaşımızın şəhid olduğunu diqqətə çatdırıb. Bildirib ki, səfirlik Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən şəhid ailələrinin qayğıları ilə maraqlanır, onların problemlərinin həllinə çalışır. Diplomat Gürcüstandan olan şəhidlərimizlə bağlı sənədli filmin çəkildiyini diqqətə çatdırıb, şəhidlərlə bağlı kitab hazırlandığını vurğulayıb.

General-polkovnik Kərim Vəliyev Gürcüstandan olan bəzi şəhidlərlə, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı polkovnik İlqar Mirzəyevlə bağlı xatirələrini bölüşüb. Baş qərargah rəisi Gürcüstandan olan soydaşlarımızın Vətən müharibəsində əsl qəhrəmanlıq göstərdiklərini və heç bir şəhidin diqqətdən kənarda qalmadığını qeyd edib. Bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi də Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərir. Bu görüşün məqsədi isə Gürcüstanda olan şəhid ailələrinin qayğıları ilə maraqlanmaq, onların problemlərinin həllinə yardım göstərməkdir. Görüşdə iştirak edən şəhidlərin valideynləri, qohumları və yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonra şəhid ailələrinə xatirə hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi