Arazboyu döyüşləri: "Xudafərində düşməni pusquya salaraq məhv etdik"

Arazboyu döyüşləri: "Xudafərində düşməni pusquya salaraq məhv etdik" İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu döyüşlərdən biri də Arazboyu əməliyyatları olub. Həmin vaxt Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü düşməndən azad edildi və 27 illik həsrətə son qoyuldu. A
Hərbi
18 Oktyabr , 2022 11:18
Arazboyu döyüşləri: Xudafərində düşməni pusquya salaraq məhv etdik
Babək Ələkbərov

İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu döyüşlərdən biri də Arazboyu əməliyyatlarıdır. Həmin əməliyyatlar nəticəsində Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü düşməndən azad edildi və 27 illik həsrətə son qoyuldu. Arazboyu əməliyyatları müharibənin növbəti mərhələləri üçün həlledici rol oynadı.

2020-ci ilin məhz bu günü - oktyabrın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları azad olunan Xudafərin körpüsünə Azərbaycanın şanlı üçrəngli bayrağını sancdı.

Döyüşlər zamanı Ermənistanın xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi. Düşmənin sağ qalan heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur oldu.

Bu gün isə Azərbaycan xalqı tarixi Xudafərin körpüsünün erməni işğalından azad olunmasının 2-ci ildönümünü qeyd edir. Bu əlamətdar gündə Arazboyu əməliyyatlarında iştirak etmiş DSX-nin bir qrup hərbçisi Xudafərin körpüsünə səfər edib. Onlar düşmənlə üz-üzə gəldikləri, ağır döyüşlərin getdiyi ərazilərə baş çəkib və xatirələrini bölüşüblər.

DSX-nin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov “Report”un Cəbrayıl rayonuna ezam olunan əməkdaşına müsahibəsində bildirib ki, Vətən müharibəsi zamanı Soltanlı-Əmirvarlı istiqamətlərindəki sədd yarıldıqdan sonra DSX-nin hərbçiləri plana əsasən, Arazboyu istiqamətinə irəliləməyə başlayıb.

O deyib ki, Arazboyu döyüşləri irihəcmli əməliyyat planlarından biri olub: “Həmin döyüşlər zamanı Dəlidağ silsiləsini düşməndən azad etdik. Bu da ən vacib əməliyyatlardan biri sayılırdı. Çünki Dəlidağ silsiləsini götürdükdən sonra ermənilərin Arazboyu istiqaməti üzrə hərəkət edən texnika və canlı qüvvəsini məhv etdik. Həmin vaxt burada düşməni pusquya saldıq və darmadağın etdik. Daha sonra qruplarımız arama-tarama işləri apardı. Ərazi düşməndən tam təmizləndikdən sonra qədim Xudafərin körpüsünə üçrəngli bayrağımız sancıldı və bu barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə etdim”.

DSX zabiti söyləyib ki, Xudafərin körpüsü istiqamətinə gəlməmişdən əvvəl düşmən hərbi qulluqçularımızı minaatanlardan atəşə tutub:

“Lakin buna baxmayaraq, sürətli hərəkət edərək Xudafərin körpüsünün yaxınlığına gəldik. Bu əməliyyat zamanı düşmənin müvəqqəti tutduğu mövqelərdən 11,5 km dərinliyə sızdıq. Həmin vaxtı ermənilərin bir neçə bölməsindən və boşluqlarından yan keçərək Dəlidağ silsiləsinə tez bir zamanda gəlməyə nail olduq.

Bu ərazilərin əhəmiyyəti Azərbaycan xalqı üçün ondan ibarətdir ki, qədim Xudafərin körpüsü tarixi yaddaşları özündə əks etdirir. Vətən müharibəsi zamanı burada arama-tarama işləri apararkən Araz çayının o biri tayında olan soydaşlarımız şüarlar səsləndirirdilər. Bu da bizə ruh yüksəkliyi verirdi”.

Arazboyu əməliyyatlarının iştirakçılarından biri də DSX-nin zabiti Elgün Ağayevdir.

Onun sözlərinə görə, Vətən müharibəsində döyüşlərə Daşkəsən-Kəlbəcər istiqamətlərindən qoşulub, daha sonra Cəbrayıl və Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunmasında iştirak edib: "Cəbrayıl rayonunun Şükürbəyli və Soltanlı kəndləri ərazisində ağır döyüşlərimiz oldu. Bu kəndləri düşməndən təmizlədikdən sonra Xudafərin körpüsü və ətraf əraziləri erməni taptağından azad etmək barədə tapşırıq aldıq. Xudafərin istiqamətinə hərəkət edərkən daha çətin dağ silsilələrindən keçdik. Strateji nöqtələrdə isə düşmən mövqelənmişdi. Bəzi nöqtələrdə ermənilərlə döyüşə girdik və onları məhv etdik. Xudafərin körpüsünə çatmamış müəyyən hissədə müşahidə apardıq. Sonra əraziyə sızmağa başladıq və erməniləri məhv etdik”.

 Elgün Ağayev
Elgün Ağayev

O vurğulayıb ki, işğaldan azad edilən bütün torpaqlar Azərbaycan xalqı üçün müqəddəs və əzizdir: “Bu ərazilərin hər bir qarışında şəhidlərimizin qanı var. Təbii ki, Xudafərin körpüsünə bayrağımızı sancan zaman keçirdiyimiz hissləri sözlə ifadə etmək mümkün deyil. Biz böyük qürur hissi keçirirdik. Çünki 30 ildən sonra öz tarixi ərazilərimizi geri qaytardıq. Bu illər ərzində ermənilər ərazilərimizi dağıdaraq talan ediblər".

DSX-nin zabiti Qurban Qurbanov da Arazboyu əməliyyatlarının iştirakçısı kimi, Xudafərin körpüsünün azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub.

Qurban Qurbanov
Qurban Qurbanov

O bildirib ki, Vətən müharibəsində döyüşlərə Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətindən qatılıb: “Daha sonra yuxarı komandanlığın tapşırığına əsasən, istiqamətimiz dəyişdi. Bizə Cəbrayılın Şükürbəyli, Soltanlı, Xudafərin, Zəngilan şəhəri və ətraf ərazilərin düşməndən azad edilməsi tapşırığı verildi. Xudafərin körpüsünə Soltanlı kəndi istiqamətindən xüsusi təyinatlıların taktikası ilə irəlilədik. Strateji yüksəkliklər, zastavalar ələ keçirildi. Nəticədə Xudafərin körpüsü ermənilərdən təmizləndi. Bayrağımız bura sancıldıqdan sonra növbəti tapşırıq gəldi. Mən və Vətən müharibəsi şəhidi Məhəmmədəli Ələkbərov ilkin çıxış nöqtəmizə qayıtdıq. Həmin ərazidə rəhbərliyin göstərişi əsasında çevik hərəkət taborları yerləşdirilirdi. Sonra istiqamət Zəngilan şəhərinə oldu. Şəhər düşməndən azad edildikdən sonra Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli, Məhəmmədəli Ələkbərov, Mirağa Qasımov, Aşur Cəmiyev və Xudayar Yusifzadə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

DSX-nin digər zabiti Sənan Mirzəliyev söyləyib ki, Arazboyu əməliyyatlarında iştirak edib: “Əvvəl Cəbrayılın Şükürbəyli kəndi istiqamətində digər qruplarımızla birləşdik. Soltanlı kəndini azad edən zaman düşmənin hava hücumuna məruz qaldıq. Daha sonra Xudafərin körpüsü istiqamətinə hərəkət etdik. Dağ silsilələrini aşaraq Xudafərin ərazisinə gəlib çatdıq. Yollarımızın üzərində ermənilərin mövqeləri vardı. Pilotsuz uçuş aparatları vasitəsi ilə düşməndən yan keçdik. Bura gecə vaxtı çatdıq və yüksəkliklərdə mövqe tutduq. Burada hava işıqlanana qədər ərazinin müşahidəsini təşkil etdik, düşmən mövqelərini aşkarladıq. Həmçinin ermənilərin Xudafərin kəndindəki zastavasında müşahidə apardıq. Rəhbərlikdən göstəriş gəldikdən sonra isə əraziyə daxil olduq. Düşmən itki verərək geri çəkilməyə məcbur oldu və tarixi ərazilərimizi onlardan təmizlədik”.

Sənan Mirzəliyev
Sənan Mirzəliyev

Zabit deyib ki, Xudafərin körpüsü ermənilərdən azad olunduqdan sonra bölmələrlə birlikdə Zəngilan istiqamətinə hərəkət edib: “Bildiyiniz kimi, bu da 44 günlük Vətən müharibəsində ildırım­sürətli hücum kimi tarixə düşdü. Daha sonra Zəngilan şəhəri və ətraf əraziləri də düşməndən təmizlədik. Digər döyüşlərdə şəhidlərimiz olsa da, Xudafərində itkilərimiz olmadı”.

Foto: Tapdıq Abdullayev

Son xəbərlər

Orphus sistemi