Zərərçəkmiş məhkəmədə ifadə verib: "Məni qarnımı yortacağı ilə hədələdi"
- 06 mart, 2017
- 10:04
Bakı. 6 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamran Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Pərviz Yusifzadə ifadə verib. O bildirib ki, "28 May" metrostansiyasının yaxınlığındakı telefon mağazalarına gedərək özünə məxsus "İphone 4" markalı telefonu satmaq istəyib: "Mağazalardan birindən çıxarkən Kamran mənə yaxınlaşdı. O, telefonumu almaq istədiyini dedi. Kamran üzərində pulunun olmadığını söylədi. Başa düşdüm ki, məni aldadır. Sonra məni hədələdi və söylədi ki, "istəyirsən bir telefona görə, sənin qarnını yortum?". O, üç gün əvvəl həbsdən çıxdığını bildirdi. Mən də onun qolundakı kəsikləri görüb qorxdum. Telefonumu aparıb, getdi".
Zərərçəkmiş P.Yusifzadə ona dəymiş zərərin ödənilildiyini deyib: "Kamrandan şikayətim yoxdur. Onu bağışlayıram".
Məhkəmədə prosesində elan edilib ki, təqsirləndirilən K.Məmmədovun psixoloji problemləri var və o, bu səbəblərə görə hərbi xidmətə getməyib.
Qeyd edək ki, ittiham aktına əsasən, K.Məmmədov quldurluq yolu ilə Bakı şəhər sakini P.Yusifzadənin mobil telefonunu ələ keçirib. P.Yusifzadənin şikayətindən sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
K.Məmmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.