Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində şahidlər ifadə verib

Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində şahidlər ifadə verib Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib
Hadisə
11 Oktyabr , 2016 13:53
Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində şahidlər ifadə verib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Rəşad Quliyev dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.

O bildirib ki, işə qeyri-rəsmi olaraq təqsirləndirilən F.Sadıqov tərəfindən götürülüb. Onun sözlərinə görə, binaların üzlənməsinin vizual görünüşünün bir neçə formada dizaynını hazırlayıb rəhbərliyə təqdim edib: "Son qərarı rəhbərlik verirdi".

Təqsirləndirilən şəxs R.Məmmədov "THN" şirkətinə Məmməd Vəliyev və onun bacısı oğlu, həbs edildikdən sonra təcridxanada dünyasını dəyişən Nüsrət Muxtarovun bütün işlərə nəzarət etdiyini deyib: "Şirkətin rəhbəri olan Fərid Sadıqovu tanıyırdım".

Daha sonra digər şahid, "THN" şirkətinin sabiq baş mühasibi Məsim Quliyev dindirilib. O, həmin şirkətdə rəhbər olaraq Məmməd Vəliyevi tanıdığını vurğulayıb: "Həmin şirkətdə cəmi 3 ay işləmişəm. Bu müddət ərzində isə verilən tapşırıqları yerinə yetirmişəm".

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, N.Muxtarov saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Son xəbərlər

Orphus sistemi