Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib, keçmiş vəzifəli şəxslərin bir qismi azadlığa buraxılıb - YENİLƏNİB - FOTO

Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib, keçmiş vəzifəli şəxslərin bir qismi azadlığa buraxılıb - YENİLƏNİB - FOTO Məşhur "Rabitə işi" üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
27 İyul , 2017 12:18

Bakı. 27 iyul. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə "Report"un Bakı Ağır Cinayətlər Məhkəməsindəki müxbiri xəbər verir.

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 5 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum olunub.

"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. Ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

“Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. O.Rüstəmov məhkəmə zalından azadlığa buraxılıb.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. S.Hümbətov məhkəmə zalından azadlığa buraxılıb.

“AzinTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

“Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. B.Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyannın ödənilməsinə yönəldiləcək. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib.

RYTN-nin mülki iddiası qismən təmin edilib.

Məlum olub ki, Vergilər Nazirliyi mülki iddiasını geri götürüb.

Bununla da məşhur "Rabitə işi" üzrə məhkəmə prosesi başa çatıb.

*** saat 10:58

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunur.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında V.Zeynalovun 14 il, B.Hüseynovun 15 il, A.Mustafayevin 8 il, Q.Bəybalayevin 10 il, E.Məmmədovla N.Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən M.Məmmədov, C.Cəfərov, S.Hümbətov, B.Vəliyev və O.Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla, onlara şərti cəza verilməsini tələb edib. Dövlət ittihamçısı, həmçinin təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldilməsini istəyib.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb.

Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İttiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.

Onu da əlavə edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi