​Vəkil Kamandar Nəsibov: "Bəzi KİV-lər məndən açıqlama almamış adımdan xəbər yayıblar"

​Vəkil Kamandar Nəsibov: "Bəzi KİV-lər məndən açıqlama almamış adımdan xəbər yayıblar" "Kimlərinsə cinayət işinə cəlb olunması isə araşdırma nəticəsində məlum olacaq"
Hadisə
11 Mart , 2016 14:52
​Vəkil Kamandar Nəsibov: Bəzi KİV-lər məndən açıqlama almamış adımdan xəbər yayıblar

Bakı. 11 mart. REPORT.AZ/ "Mən dünən "Report" İnformasiya Agentliyinə Bakı şəhər sakini Eynur Kərimova qarşı 170 min dollarlıq dələduzluq edilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılması ilə bağlı açıqlama verəndən sonra bəzi sayt və televiziya kanalı adımdan yalan məlumatlar yayıb. Halbuki mən onlara açıqlama verməmişəm".

Bunu "Report"a E.Kərimovun vəkili Kamandar Nəsibov deyib.

Vəkil bildirib ki, bir neçə sayt və televiziya kanalı onun adından yalan məlumatlar yayıblar: "Mən konkret olaraq demişəm ki, fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) maddələri ilə cinayət işi qaldırırlıb. Kimlərinsə cinayət işinə cəlb olunması isə araşdırma nəticəsində məlum olacaq. Ola bilsin ki, bu işlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanov və ya hazırda vəzifədə olan hansısa şəxsə qarşı cinayət işi açılsın. Bunlar isə istintaq araşdırmaları nəticəsində bəlli olacaq. Həmin saytlar məndən açıqlama almamış mənə istinad ediblər. Mən heç kimə açıqlama verməmişəm, bunlar yalandır. Onlar adımdan istifadə ediblər. Həmin şəxslərdən xahiş edirəm ki, mənimlə danışmamış adımdan istinad etməsinlər. Mənimlə danışandan sonra isə yalan məlumatlar vermək olmaz, necə demişəmsə, elə yazsınlar".

Qeyd edək ki, ötən gün vəkil K.Nəsibov "Report"a E.Kərimova qarşı 170 min dollarlıq dələduzluq edilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki - 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) cinayət işi başlanılması barədə açıqlama verib.

Son xəbərlər

Orphus sistemi