Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədən Azərbaycana həyat yoldaşının cinsiyyət orqanında narkotik maddə gətirməkdə təqsirləndirilən Emin Məmmədov və arvadı Sənəm Məmmədovanın (ad şərtidir) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Heydər Əliyev Beynəlxalq Aeroportunda əməliyyat axtarış şöbəsinin əməkdaşı Fuad Orucov şahid qismində ifadə verib.
O deyib ki, bir qadının Türkiyədən Azərbaycana narkotik maddə gətirilməsi ilə bağlı əməliyyat məlumatı daxil olub: “Daxil olan əməliyyat əsasında qadın saxlandı. Özünü narahat hiss edirdi və şübhəli aparırdı. Üzərinə və əşyalarına baxış keçirsək də, bir şey tapılmadı. Daha sonra onun tibbi müayinə otağına aparıb, rentgendən keçirəcəkdik. O zaman özü hər şeyi etiraf etdi”.
Daha sonra hal şahidi qsimində Aygün Abdullova dindirilib.
O, hava limanında xadimə kimi çalışdığını söyləyib: “Gömrük işçiləri məni çağırıb, hal şahidi olmağımı təklif elədilər. Razılaşdım, qadından xeyli dərman çıxdı”.
Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin esilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrükçülər tərəfindən nəzarətə götürülüb. Həmin şəxs gömrük nəzarətindən keçən zaman üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun əynindəki üst və alt paltarlarında qanunla qadağan edilən əşyalar aşkar edilməsə də qadının özünü narahat hiss etməsi və şübhəli aparması gömrükçülərin diqqətindən yayınmayıb. Bu zaman ona bədən üzvlərinin yoxlanılması məqsədilə Gömrük Məcəlləsinin 64.4 maddəsinə əsasən tibb işçisinin dəvət olunacağı bildirilib. Həmin şəxs tibb işçisinin dəvət olunmasına ehtiyac olmadığını bildirərək, cinsiyyət orqanında gizlətdiyi və qoruyucu rezinin içərisinə qablaşdırılan 427 ədəd çəhrayı rəngli həbləri çıxarıb və gömrükçülərə təhvil verib.
İlkin araşdırma zamanı həmin şəxs həblərin "ekstazi" adlandırıldığını, həmin həbləri həyat yoldaşının təlqini və istəyi ilə sonuncunun tanışlarından pul müqabilində aldığını, ölkə ərazisində dövriyyəsinin qadağan olduğunu bildiyindən daxili orqanında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışdığını etiraf edib.
Qadının etirafları əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində onu qarşılamağa gələn həyat yoldaşı E.Məmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində gömrükçülər tərəfindən saxlanılıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilən həblər fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilib və onların MDMA (ekstazi) olduğu müəyyən edilib.
Ər-arvad barəsində Cinayət Məcəlləsinin müafiq maddələri üzrə ittiham verilib. E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, onun həyat yoldaşı barəsində polis nəzarəti qətimkan seçilib.