Tovuzda bir nəfərin ölümünə, üç nəfərin yaralanmasına səbəb olan sürücünün məhkəməsi başlayır
- 21 dekabr, 2019
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz rayonunda bir nəfərin öldüyü, üç nəfərin yaralandığı yol qəzasını törətməkdə təqsirləndirilən Nəcməddin Namazlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
“Report”un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il avqust ayının 19-da Tovuz rayonunun Bozalqanlı kəndində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Namazlı Nəcməddin Sultan oğlu idarə etdiyi "Mercedes E-Class" markalı avtomobili ilə qəza törədib. 29 yaşlı sürücü idarəetməni itirərək ilk olaraq avtomobili dəmir dirəyə, daha sonra ağaca çırpıb və maşını dərəyə aşırıb.
Hadisə nəticəsində sürücü və 4 yaralı - 1997-ci il təvəllüdlü Aslanov Taleh Valeh oğlu, 1996-cı il təvəllüdlü Səmədov Murad Qoşqar oğlu, 1996-cı il təvəllüdlü Əmiraslanov Emil Nofəl oğlu, 1996-cı il təvəllüdlü Namazov Səid Səfər oğlu Təcili Tibbi Yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılardan M.Səmədovun vəziyyəti ağır olduğundan onu əməliyyat ediblər. Həkimlərin səyinə baxmayaraq, M.Səmədovun həyatını xilas etmək mümkün olmayıb.
Aparılan ilkin araşdırma zamanı məlum olub ki, onlar toy məclisindən gəlirlərmiş və Nəcməddin Namazlının da sürücülük vəsiqəsi olmayıb. Həmçinin o, özünə aid olmayan avtomobili sərxoş vəziyyətdə idarə edib.