Tovuzda 37 yaşlı qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub
- 15 noyabr, 2022
- 20:12
Tovuz rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü R.Rüstəmova əri, 1987-ci il təvəllüdlü X.Rüstəmovdan ayrıldıqdan sonra babası evinə gəlib, orda yaşayırmış.
Axşam saatlarında qadın ata evlərinə yaxın olan babası evində olan zaman keçmiş əri ora gəlib və aralarında mübahisə yaşanıb. Bu zaman X.Rüstəmov üzərində olan bıçaqla ona bir neçə zərbə vurub, daha sonra boğzanı kəsib. Hadisə yerinə evin gəlini olan qadın gəlib və ətrafdan kömək istəyib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs isə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
23:54
Tovuzda keçmiş həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Ramilə Bayram qızı Rüstəmovanı qətlə yetirməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Xaliq Fərhad oğlu Rüstəmov istintaqa cəlb edilib.
Qeyd edək ki, Ramilə Rüstəmova onun keçmiş həyat yoldaşı olub və o, qadının boğazını kəsərək qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
23:43
Tovuz rayonunun Öysüzlü kəndində 37 yaşlı qadın qətlə yetirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakini, 1985-ci il təvəllüdlü Ramilə Rüstəmova öldürülüb.
Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.