Sumqayıtda tanışlarının evinə basqın edən şəxslərin apellyasiya şikayəti təmin edilməyib

Sumqayıtda tanışlarının evinə basqın edən şəxslərin apellyasiya şikayəti təmin edilməyib Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
28 Noyabr , 2016 09:59
Sumqayıtda tanışlarının evinə basqın edən şəxslərin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 28 noyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Rafiq Həsənov və Sənan Kərimduxtun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sumqayıt şəhərinin 45-ci məhəlləsində, 14 saylı binanın 93-cü mənzilində baş verib. Sumqayıt şəhər sakini, 38 yaşlı Rafiq Ramiz oğlu Həsənov yeyib-içdikdən sonra 27 yaşlı Sənan Vahid oğlu Kərimduxta quldurluq etməyi təklif edib. S.Kərimduxt əvvəl razılaşmasa da, sonradan təklifi qəbul edib.

Həmin şəxslər Ceyhun Məmmədovun evinə daxil olandan sonra onun əl-qolunu bağlayıb, evdən pul və qızıl-zinət əşyaları aparıblar.

Hadisədən sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində R.Həsənov və S.Kərimduxt saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər ikisi 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, zərərçəkən C.Məmmədov saxlanılan R.Həsənovun dostu olub. Saxlanılan şəxslər zərərçəkmişin evində 50 min manat olduğunu zənn edərək bu işə əl atıblar.

Son xəbərlər

Orphus sistemi