Sumqayıtda qonşusunu qətlə yetirən şəxsin cəzası azaldılıb

Sumqayıtda qonşusunu qətlə yetirən şəxsin cəzası azaldılıb Onun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib
Hadisə
14 Yanvar , 2017 15:51
Sumqayıtda qonşusunu qətlə yetirən şəxsin cəzası azaldılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramin Cəbrayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Cəbrayılovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib. Belə ki, onun 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası 17 ilə endirilib.

İttiham aktına əsasən, 1978-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Ramin İsmayıl oğlu Cəbrayılov 15 yanvar-14 mart 2016-cı il tarixədək olan dövrdə qonşusu Asif Xəlilova müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 2000 manat məbləğində borc pul verib. O, daha sonra verdiyi pulu A.Xəlilovdan qaytarmasını tələb edib. A.Xəlilov isə pulu qaytarmaq istəməyib. Buna əsəbləşən R.Cəbrayılov ondan qisas almaq məqsədilə bıçağa əl atıb.

Belə ki, o, 2016-cı il martın 30-da saat 18:00 radələrində evdən mətbəx bıçağını götürərək A.Xəlilovun yaşadığı ünvana gedərək növbəti dəfə ondan borc verdiyi pulu tələb edib. A.Xəlilov isə borcunu qaytarmayacağını qəti bildirərək, R.Cəbrayılovdan əlavə 1000 manat borc pul tələb edib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə R.Cəbrayılov A.Xəlilovu bıçaqla qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

R.Cəbrayılov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə R.Cəbrayılov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Ələsgər Məmmədov apellyasiya şikayəti verib. Vəkil məhkum R.Cəbrayılovun əməlinin CM-nin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi