“Star GSM”in sahibi “MTN işi”ndə zərəçəkmiş kimi tanınıb

“Star GSM”in sahibi “MTN işi”ndə zərəçəkmiş kimi tanınıb Bir neçə nəfər qanunsuz azadlıqdan məhrum edilib
Hadisə
31 Dekabr , 2016 11:11
“Star GSM”in sahibi “MTN işi”ndə zərəçəkmiş kimi tanınıb

Bakı. 31 dekabr. REPORT.AZ/ Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə "Star GSM" mağazasının sahibi Bəxtiyar Musayev zərərçəkmiş şəxs qismində tanınıb.

"Report"un xəbərinə görə, ittiham aktında qeyd edilib ki, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan F.Əliyevin təşəbbüsü və göstərişi ilə həmin mağazada satıcı işləyən Mantaşov Gəray Nizami oğlu və Qafarov Tural Ağacəfər oğlunun guya qanunsuz yolla ölkəyə mobil telefon cihazlarını gətirən dəstənin üzvləri kimi göstərilib.

Sabiq MTN əməkdaşı həmin şəxslərin adlarına müxtəlif tarixlərdə dəstə üzvləri kimi göstərərək, tapşırıqları şəxsən imzalayıb. F.Əliyev sənədlər rəhbərlik tərəfindən təsdiq olunduqdan sonra T.Quliyev, F.Atayev və başqaları vasitəsilə G.Mantaşovla TQafarovun mobil telefon nömrələri üzrə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə dinləmə və statistik məlumatları toplayıb.

Təqsirləndirilən şəxslər şərti alıcı qismində cəlb olunan Quliyeva Vüsalə Aprel qızının adından formal olaraq 07.11.2014-cü il tarixdə T.Qafarov və G.Mantaşovun dövlət rüsumu ödənilmədən, qaçaqmalçılıqla ölkəyə gətirilən “iPhone 6” markalı telefon cihazlarının satışının həyata keçirilməsi barədə ərizə tərtib ediblər. Həmin ərizə əsasında guya aparılan yoxlama çərçivəsində F.Əliyevin rəhbərliyi altında dəstə üzvləri N.Alıyev, Z.Məmmədov və digərləri qanunsuz əməliyyat keçirib.

Belə ki, G.Mantaşovla T.Qafarov Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən çay fabrikinin yaxınlığında V.Quliyevaya avtomaşında 50 ədəd “iPhone 6” markalı telefon cihazlarını satarkən, qəflətən basqına uğrayıblar. Bu zaman MTN əməkdaşları 30 min 500 manat dəyərində “Star GSM” mağazaına məxsus və alıcıya çatdırılması üçün T.Qafarovun idarə etdiyi avtomaşında olan 50 ədəd “iPhone 6” markalı telefon cihazlarını ələ keçiriblər. Daha sonra onlar avtomaşınlara əyləşdirilib, 28 May küçəsində yerləşən “Star GSM” mağazasına gətirilib. Sabiq MTN əməkdaşları mağazanın anbar və başqa saxlanc yerlərinə qanunsuz girməklə axtarış aparıb, sənədləşmə aparmadan xəzinədə olan 70 min ABŞ dolları, 30 min manat məbləğində külli miqdarda nağd pul vəsaitlərini, anbarda olan planşetləri quldurluqla götürüblər.

Bundan başqa, mağazanın xəzinədarı Elnur Abbasov zorla nazirilyə gətirilib, hərəkət sərbəstliklərini məhdudlaşdırmaqla xidməti otaqlarda saxlanılıb. E.Abbasovla G.Mantaşov 2 sutkadan artıq, T.Qafarov isə 1 sutka ərzində qanunsuz azadlıqdan məhrum edilib.

Keçmiş MTN əməkdaşları “Star GSM” mağazasının sahibi B.Musayevə işçiləri barədə cinayət işi başlamaqla həbs edəcəkləri, fiziki zorakılıqlara məruz qoyacaqları ilə hədələyib, 100 min manat məbləğində pul istəyib. B.Musayev onlarla razılaşdıqdan sonra işçiləri buraxılıb və mağazadan götürülən pullar və planşetlər qaytarılıb. 11 noyabr 2014-cü il tarixdə 78 min 440 manata bərabər 100 min ABŞ dolları və 22 min manat olmaqla, cəmi 100 min 440 manat məbləğində pul vəsaiti B.Musayev tanışı Rəşadət İsmayılova verib və sonuncu həmin pulları onlara çatdırılıb. Buna baxmayaraq, sabiq MTN əməkdaşları 30 min 500 manat dəyərində 50 ədəd “ iPhone 6” markalı mobil telefon cihazlarını qaytarmayaraq özlərində saxlayıb.

Son xəbərlər

Orphus sistemi