Yuxarı
    Bağlamaq

    ​Somalidə məktəbli avtobusu atəşə tutulub: Azərbaycan və Türkiyə vətəndaşları ölüb

    İnsident paytaxt Moqodişoda baş verib

    Bakı. 31 mart. REPORT.AZ/ Somalinin paytaxtı Moqodişoda silahlı şəxslərin məktəbli avtobusuna hücum etməsi nəticəsində Türkiyə, Azərbaycan və Somali vətəndaşları həlak olub. İnsident nəticəsində bir neçə nəfər yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

    "Biz bu terror aktını qətiyyətlə pisləyirik. Yaralı Türkiyə vətəndaşları ölkənin Somalidəki səfirliyinin nəzarəti altındadır. Ölənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

    Hadisə martın 30-da axşam saatlarında baş verib.

    "Reuters" yerli polisə istinadən ölənlərin sayının 6 nəfər çatdığını xəbər verir.

    Moqodişo polisi insident barədə məlumat yayıb. Məlumata əsasən, naməlum şəxslər içərisində Türkiyə, Azərbaycan və Somali vətəndaşlarının olduğu məktəbli avtobusuna silahlı hücum ediblər. Nəticədə bir Türkiyə, bir Azərbaycan və bir Somali vətəndaşı həyatını itirib.

    Yaralılar Moqodişonun müxtəlif xəstəxanalarına yerləşdiriliblər. İnsidentdən sonra Afrika Birliyinin təhlükəsizlik qüvvələri nəzarəti gücləndirib və araşdırmaya başlayıblar.

    "Sinxua" agentliyinin məlumatına görə, çərşənbə günü naməlum şəxslər türk işçiləri xəstəxanaya aparan mikroavtobusu atəşə tutublar. Hücum Türkiyənin Somalidəki səfirliyi yaxınlığında baş verib, 4 nəfər ölüb. Hadisəni törədənlər qaçıblar.

    İnsidentlə bağlı hələ ki, heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi