Siyəzəndə bir nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Hadisə
  • 16 avqust, 2018
  • 07:34
Siyəzəndə bir nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Bakı. 16 avqust. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərhad Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. F.Quliyevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 10-da Siyəzən rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini F.Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini, Quba rayon sakini Elman Rəhimov xəstəxanaya yerləşdiriliblər. E.Rəhimov orada ölüb.

Daha sonra F.Quliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.