Şəkinin bir kəndində 2 il ərzində 20-dən çox ev yanıb - FOTO - VİDEO

Hadisə
  • 28 mart, 2017
  • 09:16
Şəkinin bir kəndində 2 il ərzində 20-dən çox ev yanıb - FOTO - VİDEO
Report.az

Şəki. 28 mart. REPORT.AZ / Şəki rayonunun Baş Göynük kəndi ərazisində 2 il ərzində 20-dən çox ev yanıb.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kəndi üzrə icra nümayəndəsi Rza Cəlalov "Report"un Şimal-qərb bürosuna bildirib ki, baş verən yanğın hadisələrinin araşdırılması üçün aidiyyəti qurumlara müraciət olunub: "Təkcə son altı ayda kənd ərazisində 10-a yaxın ev yanıb. Yanğınların hamısı demək olar ki, gecə saatlarında baş verib. Baş Göynük kəndinin əkin sahələri və təsərrüfatları kənddən uzaq məsafədə olduğundan, əksər ailələr həmin əkin-biçin zamanı ərazilərdə yaşayırlar. Bu zaman boş qalan evlərdə belə yanğın hadisələri  baş verir. Sakinlərin narahatlığı haqlı narahatlıqdır. Artıq onlar da baş verən yanğınların  bitməsini və günahkarların tapılmasını istəyirlər. Biz aidiyyəti orqanlara və Şəki Şəhər İcra Hakimiyyətinin müvafiq şöbələrinə məlumat vermişik. Araşdırmalar yekunlaşdıqdan sonra günahkar və ya günahkarlar cəzalarını alacaqlar".

Yerli sakinlər evlərinin qəsdən yandırıldığını ehtimal edirlər.

Kənd sakini Eldar Rəsulov yanğın hadisələrinin nə qəza, nə də hər hansı təbiət hadisəsi səbəbi ilə baş vermədiyini bildirib: "Bu evləri kimsə qəsdən yandırır. Lakin, yanğın hadisələrinin baş verməsinin səbəbləri müəmmalı olaraq qalır". 

Şəkinin bir kəndində 2 il ərzində 20-dən çox ev yanıb - FOTO - VİDEO