Yuxarı

Səfər Əbiyevin həbsdə olan müavini: "Bütün işləri onun göstərişi ilə etmişəm"

Mehman Səlimov: Səfər Əbiyevə dedim ki, bura sökülüb yenidən tikilməlidir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. 

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs məhkəmənin qapalı şəraitdə keçirilməsini istəyib. Lakin hakimlər onun şifahi vəsatətini təmin etməyib. 

M.Səlimovun vəkili vəsatət qaldıraraq məhkəmədən Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün tikilən bir neçə yaşayış kompleksinin inşası üzrə müqavilələrin araşdırılmasını istəyib. Hakim vəsatəti qəbul edib, amma təmin olunub-olunmadığı haqda qərarını açıqlamayıb. 

Bundan sonra M.Səlimov ifadə verib. O bildirib ki, bütün işləri Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin göstərişi ilə edib: "Prokurorun ittihamı ilə razı deyiləm. Özümü təqsirli hesab etmirəm. Azərbaycan Müdafiə Nazirliyindən təqaüdə çıxandan sonra şirkət yaratdım və Sumqayıt şəhərində tikinti işləri ilə məşğul oldum. Həmin dövrdə müdafiə naziri olan Səfər Əbiyev məni yanına çağırıb Azərbaycan ordusu üçün bir neçə hərbi təyinatlı obyekt tikməyimi istədi. Bu işlər də elə həmin söhbətdən sonra başladı. Ekspertiza təyin olunsun. Çünki nazirliyin ayırdığı pullar görülən tikinti işləri üçün az idi. Dövlətin verdiyi pullar çəkilən xərcləri ödəmədi. Həmin vəsaitlə işin yarısını görmək olardı". 

Müdafiə nazirinin keçmiş müavini işlərin hansı formada görüldüyünü və ödənişlərin hansı şəkildə həyata keçirildiyini də açıqlayıb: "Müqavilə bağlanırdı, sonra pul verilirdi. Məndən həm də başqa tədris mərkəzinin təmir işlərinin başa çatdırılmasını istədilər. Səfər Əbiyevə dedim ki, bura sökülüb yenidən tikilməlidir. Keçmiş nazir gəlib baxdı və işçilərinə mənə köməklik etmək barədə tapşırıq verdi. Səfər Əbiyev nazir vəzifəsindən azad olunandan sonra Müdafiə Nazirliyi üçün həyata keçirdiyimiz işlərdən ayrılmaq qərarına gəldim. Çünki mənə verilən məbləğlə tapşırılan işləri görmək mümkün deyildi. Dövlətin mənə verdiyi ev və torpaq sahəmi satdım. Bankdan 170 min manat kredit götürdüm. 150 min manat isə kürəkənimin adına götürdüm. Həmin pulları tikinti işlərini başa çatdırmaq üçün götürdüm. Bunun əvəzində mənə bir manat da olsun pul vermədilər. Əvvəl adıma 300 min avans yazdılar və başa düşdüm ki, məni tutacaqlar. Dekabrda Forma 2 təqdim etməli idim. Lakin noyabr ayında məni tutdular. Görülən işlərə heç kim gəlib baxmadı və məni ittiham etdilər".

Prosesdə şahidlər Şəfa Kərimova və İlqar Əfəndiyev də dindirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi