Salyan sakini narkotik vasitə ilə tutulub
- 05 yanvar, 2018
- 15:46
Bakı. 5 yanvar. REPORT.AZ/ Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinindən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş rayon sakini Elmar Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.
E.Rəsulovun üzərinə baxış zamanı ümümi çəkisi 17,763 qram narkotik vasitə olan tiryək götürülüb. Əməliyyatın davamı olaraq onun yaşadığı evə baxış zamanı ümümi çəkisi 351,833 qram tiryək, ümümi çəkisi 1,378 qram olan heroin və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.