Yuxarı

Şahdağ Milli Parkına məxsus ərazidə yanğın başlayıb - ƏLAVƏ OLUNUB

Yanğının söndürülməsinə 2 helikopter cəlb edilib

Bakı. 17 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şahdağ Milli Parkının ərazisində baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal ETSN-nin yerli qurumlarının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri, habelə yerli əhali hadisə yerinə cəlb olunub. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.

İlkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.

Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

***

Bakı. 17 avqust. REPORT. AZ/ Şahdağ Milli parkına məxsus ərazidə yanğın başlayıb. "Report"un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı yayıb.

Məlumata görə, İsmayıllı rayonunun Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub. Hazırda əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi