Sabiq MTN əməkdaşının məhkəməsi başlayıb

Sabiq MTN əməkdaşının məhkəməsi başlayıb Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib
Hadisə
12 Yanvar , 2017 15:38
Sabiq MTN əməkdaşının məhkəməsi başlayıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkərov vəsatətlə çıxış edib.

O, cinayət işinə xitam verilməsi və işin yenidən prokurorluğa qaytarılmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra zərərçəkmişlər V.Ələkbərova qarşı mülki iddia qaldırıblar. Onlar qeyd ediblər ki, təqsirləndirilən tərəfindən hədə-qorxu yolu ilə külli miqdarda vəsaitləri ələ keçirilib.

Hakim bildirib ki, zərərçəkmişlərin mülki iddiası icraata götürülüb və iddialar məhkəmə istintaqı zamanı araşdırılacaq.

Məhkəmənin baxış iclası yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, i, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Son xəbərlər

Orphus sistemi