Sabiq MTN əməkdaşının məhkəməsi başlayıb

Sabiq MTN əməkdaşının məhkəməsi başlayıb Bakı. 13 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
13 Sentyabr , 2018 17:20
Sabiq MTN əməkdaşının məhkəməsi başlayıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslərin gəlmədiyi elan olunub.

Məhkəmə iclası sentyabrın 19-da davam etdiriləcək.

İttiham aktına əsasən, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.

Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Araşdırma zamanı V.Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əmələ törətdiyi üzə çıxıb.

Belə ki, həbsxanada ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib. Naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb.

Cinayət işi üzrə həmin hallar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

V.Allahverdiyev ona qarşı irəli sürülmüş ittihamla özünü günahkar bilməyib. Heç kimdən əfv üçün pul almadığını deyib. Bəzi şəxslərdən isə borc pul aldığını bildirib.

Məhkəmədə məlum olub ki, bu iş üzrə 6 nəfər zərərçəkmiş var.

Zərərçəkmişlərdən biri Tural Əliyevdir. O, V.Allahberdiyevin sevdiyi xanımın qardaşıdır. V.Abdullayev T.Əliyevdən pul alaraq onu MTN-ə işə düzəldəcəyini deyib.

Qeyd edək ki, dələduzluqda ittiham edilən V.Allahverdiyev daha əvvəl ləğv edilmiş MTN-də işləyib.

Son xəbərlər

Orphus sistemi