​Rüfət Səfərovun məhkəməsi başlayıb

​Rüfət Səfərovun məhkəməsi başlayıb Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib
Hadisə
25 İyul , 2016 13:17
​Rüfət Səfərovun məhkəməsi başlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bu barədə “Report”a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə B.Bayramov vəsatətlə çıxış edib. O, R.Səfərov barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi