“Rabitə işi” davam etdirilib: ”Tapşırıqları nazirliyin rəhbərliyindən almışam”

“Rabitə işi” davam etdirilib: ”Tapşırıqları nazirliyin rəhbərliyindən almışam” “İstintaqda hesablanan 10 milyon manatdır. Lakin həmin məbləğ 22 milyondur”
Hadisə
28 Noyabr , 2016 13:22
“Rabitə işi” davam etdirilib: ”Tapşırıqları nazirliyin rəhbərliyindən almışam”

“İstintaqda hesablanan 10 milyon manatdır. Lakin həmin məbləğ 22 milyondur”

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. 

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses başlamamışdan əvvəl Vidadi Zeynalovun vəkili Elxan Süleymanov jurmalistlərə hücum edib. O, ittiham aktını mətbuatda yayan jurnalistləri "şərəfsiz"və "əxlaqsız" adlandırıb. Vəkili məhkəmənin işçiləri kənarlaşdırıb.

Prosesdə “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədovun yeni vəkillə müqavilə bağladığı məlum olub.

Hakim bildirib ki, Emin Məmmədov onu müdafiə etmək üçün Tural Süleymanovla müqavilə bağlayıb. Hakim həmin vəkilin prosesdə iştirak etməsinə razılıq verib.

Dövlət ittihamçısı Fərid Nağıyev əvvəlcə “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ittihamnaməsini elan edib. 1,5 milyon manat mənimsəmədə ittiham olunan C.Cəfərov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib: "İttiham aktında yazılanlarla tamamilə razı deyiləm".

Daha sonra dövlət ittihamçısı “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətovun ittihamını oxuyub. O, 600 min manat mənimsəmədə ittiham edilir. O da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Dövlət ittihamçısı həmçinin “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev ittihamını elan edib. Qəmbər Bəybalayev 2 milyon manatlıq mənimsəmədə təqsirli bilinir. 

Anar Mustafayev də ifadə verməyə hazır olmadığını deyib.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov ifadə verib. O, 10 milyon manatlıq mənimsəmədə ittiham edilir.

Beytulla Hüseynov bildirib ki, gördüyü işlərə görə yığılan vəsaitin 20 faizi birlikdə qalıb, 80 faizini isə nazirliyə köçürüblər: "Həmin 20 faizin 4 faizi isə paketlərə yönəlirdi. 6 faizi isə qovşaqlarda qalıb. Bununla bağlı keçmiş nazir Əli Abbasov da ifadə verib".

Onun sözlərinə görə, vəsaitlərin köçürülməsi barədə tapşırıqları nazirliyin rəhbərliyindən alıb.

O, dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: "Məhkəmə qarşısında söz verirəm ki, dövlətə dəymiş ziyanı ödəməyə hazıram. Mənim xidmətlərim olub".

Beytulla Hüseynov əlavə edib ki, şəxsi büdcəsi hesabına şəhid ailələrinə, Qarabağ döyüşlərində iştirak edənlərə pulsuz telefon çəkilməsini təmin ediblər.

O bildirib ki, Avropa oyunları ərəfəsində onlara xüsusi tapşırıq verilib: "Həmin tapşırıqları layiqincə yerinə yetirmişik, buna görə mükafat da almışıq".

Beytulla Hüseynov daha sonra dövlət ittihamçısının suallarını cavablandırıb.

O bildirib ki, istintaqda dediyi kimi hər ay nazirliyə pul veriblər: "Ad çəkmək istəmirəm. Yalnız hər ay 200 min pul vermişik. İstintaqda hesablanan 10 milyon manatdır. Lakin həmin məbləğ 22 milyondur".

Məhkəmənin növbəti iclası noyabrın 30-u saat 10.00-a təyin olunub.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. 

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. 

Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb. 

Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi