Qubada bacanağını öldürən şəxs: "Onu söyüşə görə qətlə yetirdim"

Qubada bacanağını öldürən şəxs: "Onu söyüşə görə qətlə yetirdim" "Hadisə günü mən də içkili idim"
Hadisə
16 Fevral , 2017 11:53
Qubada bacanağını öldürən şəxs: Onu söyüşə görə qətlə yetirdim

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Emin Nəsirovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. 

E.Nəsirov elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib: "Neməti söyüşə görə öldürdüm. Yoldaşımın telefonuna zəng edib, söyüş söydü. Sonra getdim söhbətə. O, söhbətə arvadı ilə gəldi. Ona dedim ki, "bu nə söyüşdü?" Mənə bildirdi ki, "istəyirsən üzünə də söyüm". Məni təhqir etdi. Daha sonra onu bıçaqla vurdum. Ərazidən uzaqlaşdım, bıçağı da atdım. Hadisə yerinə polislər gəldi. Mən də evə getdim. Həmişə Nemət içkili olurdu. Hadisə günü mən də içkili idim".

Zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən şəxsin qardaşı Fərhad Xəlilov dindirilib. Onun sözlərinə görə, qardaşının ölüm xəbərini hadisənin səhərisi günü eşidib: "Dostum zəng edib bu barədə mənə məlumat verdi. Sonra xəstəxanaya getdim. Polis şöbəsində qardaşımın Emin tərəfindən öldürülməsinin söyüşə görə olduğunu dedilər. Nemət həyat yoldaşı ilə qeyri-rəsmi yaşayırdı. O, hər gün içirdi. Bağlarda işlədiyini eşitmişdim. Qardaşımın yoldaşı ilə münasibətim yox idi. Həmin qadını elə də yaxşı tanımırdım. Nemət hadisədən əvvəl evə gəlmişdi. O, həmin qadından ayrıldığını demişdi. O, buna səbəb kimi isə bir-birləri ilə yola getmədiklərini göstərdi. İki uşaqları var idi".

F.Xəlilov təqsirləndirilən E.Nəsirovdan şikayətçi olduğunu söyləyib.

Şahid qismində ifadə verən Günəş Mürsəliyeva deyib ki, E.Nəsirov onun həyat yoldaşı olub. O bildirib ki, qətlə yetirilən N.Xəlilov onun telefonuna zəng edib, söyüş söyüb: "Sonra Emin telefonla Nemətlə danışdı. Nemət yenə söyüş söydü. Emin də evdən çıxıb, onunla görüşə getdi və məlum hadisə baş verdi. Emin evə qayıdanda Neməti qətlə yetirdiyini dedi. Evdən götürdüyü bıçağı isə kolluğa atdığını söylədi".

Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyulun 8-də Quba rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini 1987-ci il təvəllüdlü Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, N.Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib.

Qətli törədən E.Nəsirov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayon prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi