Prokuror Bakıda "İraq Hava Yolları" şirkətinin ofisində qətl törədən şəxsin hökmündən protest verib

Prokuror Bakıda "İraq Hava Yolları" şirkətinin ofisində qətl törədən şəxsin hökmündən protest verib Məhkəmənin növbəti prosesi aprelin 30-na təyin edilib
Hadisə
17 Aprel , 2018 15:59
Prokuror Bakıda İraq Hava Yolları şirkətinin ofisində qətl törədən şəxsin hökmündən protest verib

Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Elşən Bəşirovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətinin dəlilləri müəyyən edilib və dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti də müəyyənləşdirilib.

Məlum olub ki, prokuror şikayətində təqsirləndirilən E.Bəşirovun cəzasının ağırlaşdırılmasını istəyir.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi, mərhum Əli Ağalının atası Valid Ağayevin də apellyasiya şikayəti verməsi müəyyən edilib. O, E.Bəşirovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edir.

Məhkəmənin növbəti prosesi aprelin 30-na təyin edilib.

İttiham aktına əsasən, hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini E.Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli COBALT markalı tüfənglə törədib.

Belə ki, hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi