Bakı. 2 noyabr.
"Report"un məlumatına görə, Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında B.Atamalıyevin 20 il, M.Camalovla H.Ağayevin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi noyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu ilin martın 22-də, gecə saat 01:00 radələrində baş verib. 27 yaşlı Namiq Məmmədov Sumqayıt şəhəri, 13-cü mikrorayondakı 6 saylı binanın qarşısında üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.
Həmin fakta görə, Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini B.Atamalıyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.
Məlum olub ki, N.Məmmədov doğulduğu gün qətlə yetirilib. Hadisə şahidləri bildirib ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxan N.Məmmədova 3 şəxs yaxınlaşıb və siqaret istəyiblər. N.Məmmədovun onlara siqaret vermək istəməməyi mübahisəyə səbəb olub.
Beləliklə, mərhumu təqib edən həmin şəxslər həyətə girənə qədər onu söyüb təhqir ediblər. Təhqirlərdən bezən N.Məmmədov həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, siqaret arzusunda olan şəxslərdən biri - 1996-cı il təvəllüdlü B.Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq N.Məmmədovu vurub və qaçıb. Qonşular qatilin arxasınca qaçmaq istəsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib.
N.Məmmədovu öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar.
H.Ağayev və M.Camalov da məsuliyyətə cəlb edilib. Hər iki şəxsin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.
Hadisə günü öldürülən 27 yaşlı N.Məmmədovun ad günü imiş.