Probasiya xidmətində BQXK nümayəndələri ilə görüş keçirilib

Hadisə
  • 04 oktyabr, 2019
  • 12:09
Probasiya xidmətində BQXK nümayəndələri ilə görüş keçirilib

Ədliyyə Nazirliyi Probasiya xidmətində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Penitensiar Sistem üzrə məsləhətçisi Maya Xasiya, Müdafiə işləri üzrə nümayəndəsi Lorans Kütur Qaqnyon və hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova ilə görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Probasiya Xidmətinin rəisi-Baş probasiya məmuru Akşin Ziyadov cəza siyasətinin humanistləşdirilməsinə dair dövlət başçısının 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən, Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər edilərək bir sıra əməllərin dekriminallaşdırıldığı, həbsə alternativ qətimkan tədbirlərinin və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların tətbiqinin genişləndirildiyi, probasiya xidmətinin yaradıldığı, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların icrasının səmərəliyinin artırılması məqsədilə tədbirlər görüldüyü, elektron nəzarət vasitələrinin geniş tətbiqi və belə tədbirlərinin bu gün də davam etdirildiyi bildirilib.

Həmçinin probasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, icra məmurlarının (probasiya üzrə) tədrisi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, qeyd olunan sahələrdə Probasiya xidməti ilə BQXK arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub, maraq doğuran suallara aydınlıq gətirilib.

Qonaqlar ölkədə Probasiya xidmətinin təşkili, xüsusilə elektron nəzarət vasitələrinin tətbiqi ilə əlaqədar görülən işləri yüksək qiymətləndiriblər.

Sonda Komitənin nümayəndələri Probasiya xidmətinin Elektron Monitorinq Mərkəzinin fəaliyyəti ilə tanış olublar.