Paytaxtın ayrı-ayrı yerlərində baş vermiş yanğın hadisələri zamanı 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Hadisə
  • 23 noyabr, 2016
  • 01:49
Paytaxtın ayrı-ayrı yerlərində baş vermiş yanğın hadisələri zamanı 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Paytaxtın ayrı-ayrı rayonlarında 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunmuş və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha 1 nəfərin xəsarət alması ilə nəticələnmiş ikinci yanğın hadisəsi isə Nərimanov rayonunda aş verib. Hadisə zamanı ümumi sahəsi 6 m2 olan taxta konstruksiyalardan ibarət köşk və onun yaxınlığına yığılmış taxta qırıntıları yanıb. Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinin əməkdaşlarına təhvil verilib. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.