​"Park Bulvar"a partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxsin apellyasiya şikayətinə baxılıb

​"Park Bulvar"a partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxsin apellyasiya şikayətinə baxılıb Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
24 Fevral , 2016 09:31
​Park Bulvara partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən Kəlbəcər rayon sakini, 1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlu barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2015-ci ilin avqust ayının 5-də baş verib. Naməlum şəxs Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən "Park Bulvar" ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış 1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlu olması bəlli olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı İ.Allahverdiyev bildirib ki, bir neçə nəfərə xeyli miqdarda pul borclu olub. Özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham edilib.

Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi