İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Milli Preventiv Qrupun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən
Ombudsman Aparatının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanununun tələbləri əsasında təşkil olunan başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin cərimə təcridxanasına, tibbi-sanitar hissəsinə, yataqxana korpuslarına və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, qidalanma, su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, saxlanma şəraiti ilə bağlı bəzi çatışmazlıqlar müəyyənləşdirilib.
Müəssisədə psixoloji və sosial xidmətlərin təşkilinə, məhkumların ictimai faydalı əməyə cəlb edilməklə islah olunması işinin genişləndirilməsinə və təşviqinə ehtiyac vardır.
Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə təsadüfi seçim əsasında çoxsaylı məhkumlar konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, müvafiq sənədləşmə yerində araşdırılıb, qaldırdıqları məsələlər və tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib.
Fərdi qəbul və görüş zamanı qaldırılan məsələlərlə bağlı hər bir məhkuma hüquqi məsləhətlər verilib və müraciətləri qəbul olunub.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib.