Neftçalada qaz xəttini kəsərək oğurlamaqda şübhəli bilinənlər saxlanılıb
- 02 iyun, 2018
- 09:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) “102-Zəng Mərkəzi” Xidmətinə Neftçala rayonu ərazisində qaz xəttinin bir hissəsinin kəsilərək oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalarla Tatarməhlə kəndi ərazisindəki qaz xəttinin 432 metrlik hissəsinin kəsilərək oğurlandığı məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Neftçala rayon sakinləri olan Tərlan Nağıyevin və Talıb Panəliyevin borunu kəsərək ayrı-ayrı sexlərə satdıqları müəyyən edilib.
Kəsilmiş xəttin hissələri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.