Neftçalada dördotaqlı ev yanaraq külə döndü
- 10 fevral, 2020
- 10:33
Neftçala rayonunda yanğın hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Neftçala rayonunun Şorkənd kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 64 yaşlı Hüseynəli Əliyevə məxsus birmərtəbəli, 4 otaqlı ev yanmağa başlayıb. Ev sahibi yardımçı tikilidə olarkən bundan xəbər tutub.
Hadisə yerinə Neftçala və Salyan yanğından mühafizə hissələrinin yanğısöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alov lokallaşdırılıb və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 150 kvadratmetr sahəsi olan fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.
İlkin məlumata görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.