Naxçıvanda yaşayış binasında yanğın olub - YENİLƏNİB-3
- 17 fevral, 2023
- 15:00
Naxçıvanda yaşayış binasında baş verən yanğın nəticəsində beşmərtəbəli binanın dam örtüyü 400m² sahədə yanıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 2-ci mikrorayonda yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və yanğın dərhal əraziyə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyü 400m² sahədə yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib, xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
17:03
Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb.
"Report"un yerli bürosunun xəbərinə görə, hazırda binada soyutma işləri aparılır.
İlkin ehtimala görə, yanğın elektrik xətlərində olan qısaqapanma nəticəsində baş verib.
16:55
Fövqəladə Hallar Nazirliyi Naxçıvandakı yanğınla bağlı məlumat yayıb.
FHN-dən "Report"a bildirilib ki, şəhərin 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
16:16
Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binası yanır.
"Report"un yerli bürosunun xəbərinə görə, yanğın şəhərin 2-ci mikrorayon ərazisində, Naxçıvan Universitetinin yaxınlığında baş verib.
Bina sakinləri təxliyə edilib.
Əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.