Natiq Kərimov: "Jurnalistlərin suallarına cavab verməyəcəm"

Natiq Kərimov: "Jurnalistlərin suallarına cavab verməyəcəm" Nardaran Ağsaqqallar Şurasının sədri barəsində istintaq hərəkətləri davam etdirilir
Hadisə
20 Yanvar , 2016 10:45
Natiq Kərimov: Jurnalistlərin suallarına cavab verməyəcəm

Bakı. 20 yanvar. REPORT.AZ/ Ötən gün ev dustaqlığına buraxılan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində istintaq hərəkətləri davam etdirilir.

Bu barədə "Report"a onun vəkili Əyyub Ələkbərov məlumat verib.

N.Kərimovun oğlu Nasir Kərimov "Report"a bildirib ki, atasının səhhəti normaldır: "Atamın səhhəti normaldır. Sadəcə bir az soyuqlayıb. Başqa heç bir problemi yoxdur. Hazırda istirahət edir".

N.Kərimovun sözlərinə görə, hazırda istintaq davam etdiyi üçün Natiq Kərimov jurnalistlərin suallarına cavab vermək istəmir: "Natiq Kərimovun dilindən iltizam alıblar. Atam mənə bildirib ki, istintaq sirrini yaymamaq üçün jurnalistlərin suallarına cavab verməyəcəm".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi