Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Abşeron rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qobu qəsəbə sakini Muxtar Qəribov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 11 qram narkotik vasitə tiryək, yaşadığı mənzildən isə 45 qram tiryək, 244 qram həşiş qətranı, 254 qram marixuana və 1 qram heroin aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı isə Abşeron rayonu Qobu qəsəbəsi sakini Əlihüseyn Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 6 qram heroin aşkar edilib.
Əməliyyatın davamı olaraq Əlihüseyn Hüseynovun yaşadığı mənzildən əlavə 1 kq heroin, 680 qram metanmfetamin və 280 qram qurudulmuş maruxuana aşkar olunaraq götürülüb.
Sonuncu əməliyyatlar nəticəsində 3 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif şəxsin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul ediblər və satışını təşkil etmək istəyiblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.