Mübariz Mədətovun evindən seyf oğurlayan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Mübariz Mədətovun evindən seyf oğurlayan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib
Hadisə
3 Noyabr , 2016 09:12
Mübariz Mədətovun evindən seyf oğurlayan şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun evindən seyf oğurlamaqda təqsirləndirilən Ruslan Nabatov və Ramil Bağırov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.

İttiham aktına əsasən, oğurluq hadisəsi bu il mayın 23-də baş verib. R.Nabatov tanışı R.Bağırovla birlikdə Bakı şəhər sakini, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini M.Mədətovun Zirə qəsəbəsində yerləşən bağ evindən içərisində 10 min ABŞ dolları və 40 min avro pul olan seyfi oğurlayıb. Daha sonra həmin şəxslər maşını zibillik olan əraziyə sürüblər və seyfi sındıraraq içərisindəki pulları bölüşdürüblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Nabatov və R.Bağırov hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, M.Mədətovun oğlu Xalid Mədətov 2014-cü ilin mart ayının 15-də gecə saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində məşhur tarzən, xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşı Briliant Abdullayeva və onun nəvəsi Ağasəlim Abdullayev dünyasını dəyişib.

Hadisəni törədən şəxs məhkəmənin hökmü ilə 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Sürücülük hüququndan məhrum edilmə cəza müddəti bitdikdən sonra tətbiq olunacaq.

Hadisədən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə M.Mədətov “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də tutduğu vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi