“Bu günədək 60 000-dən artıq istifadəçi “Mobil notariat” tətbiqini telefonlarına yükləyib”.
“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin onlayn müzakirəsi zamanı Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Həsənov deyib.
Onun sözlərinə görə, bu tətbiq vasitəsilə 20 000-dən artıq elektron qaydada etibarnamələr rəsmiləşdirilib:
“Eləcə də Heydər Əliyev Aeroportunda quraşdırılmış “Elektron ədliyyə” köşklərində videoəlaqə vasitəsilə yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq ərizələrinin sayı 600-dən artıqdı.
Hazırda yeni notariat hərəkətlərinin, o cümlədən banklar üçün verilən etibarnamələrin, eləcə də etibarnamələrin ləğvinə dair ərizələrin və yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq ərizələrinin də elektron qaydada “Mobil notariat” tətbiqi vasitəsilə rəsmiləşdirilməsi imkanı yaradılması üzərində işlər aparılır”.
Qeyd edək ki, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində ötən ildən "Mobil notariat" telefon tətbiqi vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən bir çox notariat hərəkətlərini etməyə imkan verir.