Vaqif Xaçatryanın məhkəməsi olub, zərərçəkmişlər dindirilib - YENİLƏNİB-10 - VİDEO

Vaqif Xaçatryanın məhkəməsi olub, zərərçəkmişlər dindirilib - YENİLƏNİB-10 - VİDEO Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsinin baxış iclası başlayıb.
Hadisə
17 Oktyabr , 2023 16:59
Vaqif Xaçatryanın məhkəməsi olub, zərərçəkmişlər dindirilib - YENİLƏNİB-10 - VİDEO

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, məhkəmədə ittiham aktı elan olunub, zərərçəkmişlər dindirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 18-də davam etdirəcək.

16:52

"Vaqif Xaçatryanın ömürlük həbs edilməsini tələb edirəm".

"Report" xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş Zahid Nurməmmədov deyib.

O, ifadəsində bildirib ki, Meşəli döyüşlərində ermənilər kəndi fasiləsiz atəşə məruz qoyub. Zərərçəkmişin sözlərinə görə, ermənilər kəndi yandırmışdılar: "Atışma zamanı Armais, Vaqif, Xoren və Ernes təslim olmağımızı və mühasirədə olduğumuzu söylədilər. Girovlar Vaqifin icazəsi olmadan buraxılmırdı. Bacımın uşaqları bu hadisələrdə qətlə yetirildi. Vaqif Xaçatryanın ömürlük həbs edilməsini tələb edirəm".

16:32

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş İbrahim Nurməmmədov ifadə verib.

"Report" xəbər verir ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilən İbrahim Nurməmmədov ifadəsində bildirib ki, o, keçmiş Əsgəran rayonunun Meşəli kəndində ailəsi ilə birlikdə yaşayıb.

Onun ailəsi atası Hüseyn, anası Pakizə, həyat yoldaşı Çiçək, oğlu Tural, qardaşı Mikayıl və Mikayılın həyat yoldaşı Gülçöhrədən ibarət olub.

"Silahlı dəstənin üzvlərindən olan Vaqif Xaçatryan və Armais Sarkisyan səsgücləndirici vasitəsilə camaatı təslim olmağa çağırırdılar. Onlar 5 saat dayanmadan kəndi atəşə tutdular. Ailəmin 9 üzvünü itirdim. Onlar öldürüldükdən sonra yandırılmışdılar. Xocalı rayonunda yerləşən özünümüdafiə dəstəsinin hərbi qulluqçuları və Kosalar kəndinin polis və özünümüdafiə dəstəsinin üzvləri, həmçinin xüsusi təyinatlı polis dəstəsinin üzvləri Qaraqav kəndi istiqamətindən Meşəli kəndinə köməyə gəlmiş və erməni silahlıları kəndi tərk etməyə başlamışdılar. Erməni silahlıları kəndi tərk etdikdən sonra meyitləri yığa bilmişik. Yaralıları Ağdam Rayon Mərkəzi Xəstəxanasına apardıq, şəhid olmuş kənd sakinlərini isə səhəri gün, 24 dekabr 1991-ci il tarixdə Laçın rayonunun Nurəddin və Fərraş kəndlərində dəfn etdik", - o vurğulayıb.

Prosesdə zərərçəkmiş şəxs qismində Müdafiə Nazirliyinin sabiq hərbi qulluqçusu, çavuş Təmraz Məmmədov da eyniməzmunlu ifadə verib.

Onun sözlərinə görə, Meşəli kəndini erməni silahlı dəstələrinin hücumundan müdafiə edən zaman döyüş yoldaşı Çingiz Hüseynovun ayağından yaralandığını görüb və onu kənd sakinlərindən birinin evinə salıb: "Həmin vaxt əynində sarı rəngli "əfqanka" hərbi forma olan erməni silahlılarından biri evə yaxınlaşıb qapıdan içəri bir ədəd əl
qumbarası atdı. Elşən həmin qumbaranı təpiklə vurub çölə çıxartmaq istədikdə, qumbara qapının altındakı taxtaya dəyib partladı və qəlpələri yerdə uzanmış vəziyyətdə olan Çingiz Hüseynova dəydi. Evə ikinci qumbaranı isə Vaqifin atdığını gördüm. Onun dəstəsinin qadınları necə öldürdüyünün və insanları necə yandırdığının şahidi olmuşam. Mən Xaçatryanı "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılan zaman televizorda görəndə tanıdım".

16:10

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş Məhəmməd Kazımov ifadə verib.

"Report"un məlumatına görə, o, ifadəsində təqsirləndirilən şəxsi 1988-ci ildən tanıdığını bildirib.

M.Kazımov deyib ki, Xaçatryan milliyyətçi olması və türklərə nifrət etməsi ilə tanınıb: "Zakir Novruzov adında dostumla birlikdə sənədlərimi Xankəndi şəhərində yerləşən sürücülük məktəbinə verməyə getmişdim. Xankəndi Şəhər Yol Polisi İdarəsində keçirilən imtahanın birinci mərhələsini bitirib ikinci mərhələdə iştirak etmək üçün sürücülük məktəbinə gedərkən "Qaron" adlı restoranın qarşısında 20 nəfərə yaxın erməni ilə mübahisə etdiyimizə görə Xankəndi Şəhər Polis İdarəsinə aparıldıq. Xankəndi avtobazasında sürücü işləmiş Xaçatryan tanımadığım 5 nəfər mülki geyimli şəxslə otağa daxil olub bizi döyməyə başladılar. Vaqif bizi döyən zaman "siz azərbaycanlıların kökünü kəsmək lazımdır" ifadəsini tez tez işlədirdi".

15:45

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş şəxs qismində tanınan Müdafiə Nazirliyinin sabiq hərbi qulluqçusu, gizir Hüseynov Çingiz ifadə verib.

"Report"un məlumatına görə, o, ifadəsində göstərib ki, Qarabağ və ətraf rayonlarda milli zəmində ermənilərlə başlanmış döyüş əməliyyatlarında iştirak etmək üçün 1991-ci ilin noyabr ayında könüllü olaraq 10 nəfər döyüşçü ilə birlikdə helikopterlə Meşəli kəndinə göndərilib:

"1991-ci il səhər saat 7 radələrində xeyli sayda erməni silahlıları hər tərəfdən Meşəli kəndini mühasirəyə alıb mikrofonla Azərbaycan dilində bir neçə dəfə "Sizə toxunmayacağıq, təslim olun, kənddən çıxın gedin!" sözlərini demiş, kənddən heç kimin getmədiyini görüb hücuma başlayıblar. Hücum zamanı məktəbin binasında olan döyüşçülər çölə çıxarkən sonuncu olan leytenant Kamil Eyyubovu ermənilər güllə ilə vurub öldürdü. Bundan başqa, kəndin o biri başında olan postda döyüşən Musa Qonaqov da başından snayper gülləsi ilə vurularaq öldürüldü, özüm isə sağ ayağımdan güllə yarası aldım. Eləcə də yanımda qumbaranın partlamasi nəticəsində boynumdan, bədənin sağ hissəsindən və sağ ayağımdan qəlpə yaraları almışam".

15:20

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadə verməsi davam edir.

"Report"un xəbərinə görə, zərərçəkmişlər Vaqif Xaçatryanın onların başlarına gətirdiyi müsibətləri danışırlar.

Zərərçəkmiş Şakir Qonaqov qardaşı Musanın Meşəli hadisələrində qətlə yetirildiyini bildirib: "Qardaşım döyüşlərə könüllü qatılmışdı. Biz onu kənd qəbiristanlığında dəfn etdik. Qardaşımın cəsədində 20-dən çox güllə izi var idi".

Roza Qasımova ifadəsində söyləyib ki, Meşəli hadisələri zamanı onun 27 yaşı var idi: "Kənddə idim. Atam qətlə yetirildi, anam isə ağır yaralandı. Təqsirləndirlilən şəxsə ən ağır cəzanın verilməsini tələb edirəm".

Süleyman Mahmudov isə bildirib ki, erməni döyüşçüləri onlardan səsgücləndirici vasitəsilə təslim olmalarını tələb ediblər.

Zərərçəkmiş Naidə Mehralıyeva mərhum atasının təqsirləndirilən şəxsi yaxşı tanıdığını deyib: "Yoldaşım döyüşlərdə idi. Anam ağır xəstə olduğundan mən atamgilə getdim. Özüm hamilə idim və 1 yaşlı uşağım da vardı. Ermənilər hücuma keçəndə meşəyə qaçdım və 4 gün orada qaldıq. Övladımı da meşədə itirdim".

Daha sonra Barat Novruzov ifadəsində qeyd edib ki, ailəsi Meşəli kəndinə hücumda öldürülüb: "Sonradan onların meyitlərinin yandırıldığının şahidi oldum. Vaqif Xaçatryan məni avtomatın qundağı ilə döydü. Daha sonra əlimi kəmərlə bağladılar və qulağımı kəsmək istədilər".

13:30

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın ibtidai istintaqa ifadəsi məlum olub.

"Report"un məlumatına görə, Vaqif Xaçatryan istintaqa verdiyi ifadəsində 1955-ci ildə keçmiş Əsgəran rayonunun Badara kəndində anadan olduğunu bildirib.

Həmin kənddə qeydiyyatda olmaqla yaşayır, evlidir və üç qız övladı var, ailədə ondan başqa iki qardaşı və bir bacısı olub. Bacısı və bir qardaşı, Qarnik ölüb. Vaqif Xaçatryan 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirib, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub, sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb. 1992-ci ilin sentyabr ayında Robert Koçaryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra 50-55 yaşına qədər ermənilər özünümüdafiə adı ilə Xankəndi (Stepanakert) şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb. Bununla əlaqədar Vaqif Xaçatryan 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib qeydiyyata düşmüş və kəndə qayıtdıqdan sonra hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla üç qrupa bölünüblər. Daha sonra isə hərbi komissarlığın hərbçiləri tərəfindən keçmiş Əsgəran rayonunun Noragüh kəndinə aparılıb.

Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, hədəfə nişan alıb atəş açmaq və digər təlim məşqləri keçirilib. Təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçatryanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb, oradakı postda xidmət aparmaları tapşırılıb, 7 gündən bir həmin posta çıxıb, 7 gün xidmət aparıb, xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmayıb və o həmin döyüşlərdə iştirak etməyib.

Postda xidmət aparan zaman Vaqif Xaçatryanın böyrəkləri və bağırsaqları soyuqladığına görə, o, 1992-ci ilin oktyabr ayının əvvəllərində Xankəndi (Stepanakert) şəhər xəstəxanasına gətirilib və orada təxminən 20 gün müalicə olunduqdan sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub. Mülki şəxs kimi arxa təminat xidmətində, keçmiş Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.

1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra Vaqif Xaçatryan həmin işdən çıxıb və Badara kəndində təsərrüfatla məşğul olmağa başlayıb.

Təqsiləndirilən şəxs məhkəmədə Fərrux dağındakı postda xidmət etdiyini təsdiqləyib: "Biz o vaxt özümüzü azərbaycanlılardan müdafiə etmək üçün orada postda xidmət edirdik. Hərbi Komissarlıq tərəfindən bizə silah verilmişdi".

12:55

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə veriblər.

“Report”un xəbərinə görə, onlar ermənilər tərəfindən işgəncə və təhqirə məruz qaldıqlarını bildiriblər.

Belə ki, zərərçəkmiş Kamal Rəcəbov məhkəmədə söyləyib ki, Meşəli kəndinə qəfil hücum olub: "Evdə yatmışdım. Gördüm ki, güllə yağış kimi yağır və ermənilər tərəfindən kəndə od vurulub. Onların atəşi nəticəsində sağ budumdan güllə yarısı aldım. Qışın günündə ailəmdən uzaq qaldım. Güllə atışından 2 metrliyimdə olan ailə üzvlərimi təxliyə etməyə imkan yox idi. Yoldaşımı və 2 azyaşlı körpəmi itirdim. Onların qadınlara da yazığı gəlmədi. Gözümün qabağında 2 və 17 yaşında olan qızı vəhşicəsinə qətlə yetirdilər".

Digər zərərçəkmiş şəxs Eldar Salmanov ifadəsində Vaqif Xaçatryanı şəxsən tanıdığını deyib: “Məlum hadisə vaxtı 16 yaşım var idi. Meşəli kəndinə 2 mindən artıq qoşun hücum etdi. Bunların məqsədi insanları daha çox əsir götürmək idi. Xaçatryan və onun dəstəsi qonşumuzun evinə od vurub, onların çığırtısına oynayırdılar. İçərisində döşləri kəsilmiş qadınlar olan 28 meyit gördüm. Mən də ana və atamı itirdim. Onlara azərbaycanlıların qulaqlarını kəsərək gətirmələrinə görə yaxşı pul verirdilər".

11:33

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmə prosesi davam edir.

"Report" xəbər verir ki, prosesdə dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov elan edib.

Hazırda V.Xaçatryan məhkəmədə ifadə verir.

10:45

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində ittiham aktı elan olunur.

"Report" xəbər verir ki, ittiham aktını dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov elan edir.

10:05

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsinin baxış iclası başlayıb.

"Report" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev tərəfindən V.Xaçaturyanın ittiham aktının elan edilməsi gözlənilir.

Eyni zamanda məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.

Xatırladaq ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi