FHN Lənkəranda yanan obyektlə bağlı yekun məlumat yayıb - YENİLƏNİB-3

Hadisə
  • 07 iyul, 2023
  • 13:51
FHN Lənkəranda yanan obyektlə bağlı yekun məlumat yayıb - YENİLƏNİB-3

FHN Lənkəranda yanan obyektlə bağlı yekun məlumat yayıb.

FHN-dən "Report"a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Göyşaban kəndində yerləşən “Panorama” çay evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində vətəndaşa məxsus birmərtəbəli mansard tipli çay evinin mansardında baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 650m² olan çay evinin taxta konstruksiyalardan ibarət mansardı 150m² sahədə yanıb. Çay evinin böyük hissəsi və ərazidəki digər tikililər yanğından mühafizə olunub.

15:07

Lənkəranda yanğın baş verən hotelin bu gün açılış mərasiminin keçirilməsi planlaşdırılırmış.

"Report'"un cənub bürosunun məlumatına görə, Babək Heydərliyə məxsus iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb.

Hotelin 1-ci mərtəbəsi, həyətdə olan koteclər və yardımçı tikililər yanğından qorunub.

Hadisənin səbəbi araşdırılır.

14:33

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hotelində baş vermiş yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan yoxdur.

"Report"un cənub bürosunun məlumatına görə, Babək Xeybər oğlu Heydərliyə məxsus ikimərtəbəli hotel binasının mansarı tamamilə yanıb.

14.15

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hoteldə yanğın başlayıb.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın davam edir.