Bakı. 5 fevral. REPORT.AZ/ Lənkəran rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Şirin-Su kəndindən keçən hissəsində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Şağlaküçə kənd sakini Şükürov Nasir Əzizulla oğlunun idarə etdiyi "Hyundai elantra" markalı avtomaşın yoldan çıxaraq bir neçə dəfə aşıb.
Nəticədə sürücü xəsarət alıb. O, yaxınlıqdakı şəxslərin köməkliyi ilə avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı dərhal müayinə olunub. Bildirilir ki, qəzaya avtomobilin sürüşərək yoldan çıxması səbəb olub.
Şahidlərin sözlərinə görə, qəza zamanı avtomobildə üç nəfər olub. Onlardan ikisinin vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.