Lənkəran. 2 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Liman-Nərimanabad-Balıqçılar yolunda baş verib.
Belə ki, Nərimanabad qəsəbə sakini Malik Əyyub oğlu Babayev "VAZ-2107" markalı, 42-BM-177 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı elktrik dirəyinə çırpıb. Zərbənin gücündən dəmir-beton konstruksiyalı elektrik dirəyi avtomobilin üstünə aşıb.
Hadisə nəticədə avtomobildə olan sərnişinlər, sürcünün nəvələri - 6 yaşlı Səmayəxanım Rüfət qızı Babayeva, 8 yaşlı Asiman Vüqar qızı Babayeva və 8 yaşlı Malik Rüfət oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan S.Babayeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. M.Babayevə ambulator yardım göstərilib. Travmatologiya şöbəsinə yerləşdirilən A.Babayevanı isə valideynləri icazəsiz olaraq xəstəxanadan çıxarıblar.
Faktla bağlı araşdırma aparılır.