Bakı. 28 sentyabr.
"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyevin hər biri 7 il azadlıqdan məhrum edilib.
İstintaq dövründə barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmiş Fikrət Atakişiyev isə 1500 manat cərimələnib.
Qeyd edək ki, oğurluq hadisəsi bu il martın 21-də Novruz bayramı günü Qaradağ rayonu ərazisində baş verib. Həmin şəxslər Qaradağ rayonu ərazisində yerləşən "Korgöz" daş karxanasının sahibi olan Aydın Sultanovun evindən 200 min manat pul və 100 min manat dəyərində qızıl əşyalar oğurlayıblar.
Qaradağ rayon Polis idarəsinin 38-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyev saxlanılıblar.
Məhkəmə qərarı ilə təqsirləndirilən şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib. Yalnız məhkəmə F.Atakişiyevin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar.