Konstitusiya Məhkəməsi Ali Məhkəmənin sorğusunu icraata qəbul etdi

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin sorğusunu icraata qəbul etdi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Hadisə
13 Yanvar , 2021 19:35
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin sorğusunu icraata qəbul etdi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Ali Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.2-ci, 337.5-ci, 339.6-cı, 346-cı və 354-cü maddələrinin şərh edilməsinə dair sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 4-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Mülki Məcəllənin 337-ci maddəsi əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlər barədədir.

337.1-ci maddəyə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

337.2-ci maddəyə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

337.5-ci maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Mülki Məcəllənin 339-cu maddəsi isə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı barədədir.

Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

339.4-cü maddəyə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

Sorğuda qeyd edilən 339.6-cı maddəyə əsasən məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

Sorğuda qeyd edilən 346-cı maddə öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 354-cü maddə isə etibarsız əqdlər üzrə müddətlər barədədir.

Son xəbərlər

Orphus sistemi