Keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsində azyaşlı övladları dindirilib: "O, bizim atamız deyil"
- 27 dekabr, 2017
- 09:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin 3-cü sinifdə oxuyan qızı ifadə verib.
Azyaşlı qız dindirilərkən bildirib ki, anası tez-tez atası tərəfindən döyülüb: "Qardaşımla mən atam tərəfindən hədələnirdim".
O, təqsirləndirilən R.Şükürova ata demək istəmədiyini, onu sadəcə tanıdığını qeyd edib: "Nənəm, anam və qardaşımla yolla gedirdik. Bu, maşınla yanımızdan keçdi, sonra geri qayıtdı. Nənəm ondan soruşdu ki, "nə istəyirsən?" Dedi ki, "icraçının biri gedib, biri gəlir". Bu zaman nənəm onun qolundan tutdu. O, anamı vurmaq istəyirdi. Birinci nənəmi yerə yıxdı, ona təpik və yumruq vurmağa başladı. Birdən cibindən çox böyük bıçaq çıxarıb, anamı vurmağa başladı. Nənəm ayağa qalxıb yenə onun tutmaq istədi. Lakin o, nənəmi yenə döydü. Qardaşım qaçıb babamgili çağırdı. Anama çoxlu bıçaq vurandan sonra qaçıb getdi. Anam qanın içində idi. Babamgilə aparıb, həkim çağırdıq. Xəstəxanada anamın öldüyünü bildik".
Azyaşlı qız söyləyib ki, atası həmişə anasını döyəndən sonra onları hədələyib: "Hədələyirdi ki, babama desək, bizi öldürəcək".
Məhkəmədə mərhumun 4-cü sinifdə oxuyan oğlu da dindirilib. O da bacısı kimi hadisənin şahidi olub, anasının bıçaqlanmasını gözləri ilə görüb.
Azyaşlı suallara cavab verərkən təqsirləndirilən şəxsi tanıdığını, ancaq onu ata kimi qəbul etmədiyini deyib: "O, mənim heç nəyimdir, anamın qatilidir".
R.Şükürov bildirib ki, uşaqları öyrədiblər.
Azyaşlı oğlan isə R.Şükürovun onlara heç vaxt atalıq etmədiyini, anasını döyüb, təhqir etdiyini, bacısını və onu da hədələdiyini deyib.
Qeyd edək ki, qətl hadisəsi Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. 4 uşaq anası keçmiş əri tərəfindən öldürülüb. Şəhər sakini 35 yaşlı R.Şükürov keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 19 bıçaq zərbəsi endirib. Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı və R.Şükürovla aralarında uzun müddət mübahisənin olduğu məlum olub. Hadisəni törədən R.Şükürov xanımından bir müddət əvvəl ayrılıb. O, aliment vermədiyi üçün icraçıların onu axtarmasından bezərək arvadını hücum edərək onu qətlə yetirib.