Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.
Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində yerləşən "Batabat" kafesində baş verib. Həmin kafedə A.Şükürov şən mahnı sifariş vermək üstündə tanımadığı Rufan Hüseynovla mübahisə edib. Nəticədə A.Şükürov onu ürəyindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Daha sonra saxlanılan A.Şükürov barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, A.Şükürov "Azərsu" ASC-də sürücü vəzifəsində çalışıb.