İsmayıllıda zəncirvari avtoqəza baş verib, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
- 01 avqust, 2026
- 16:16
Yol-nəqliyyat hadisəsi səbəbilə 3 kişi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Dəqiqləşdirilməmiş kəllə-beyin travması, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi xəstəxananın Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ1107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.