"İraq Hava Yolları" şirkətinin menecerini qətlə yetirən şəxs məhkəmədə ifadə verib - ƏLAVƏ OLUNUB
- 15 avqust, 2017
- 07:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
Məhkəmə iclasında E.Bəşirov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, bir neçə il həmin ofisdə işləyib: "Məni işə dotum Eminağa düzəldib. Şirkət rəhbəri də ərəb idi. Eminağa onun tərcüməçisi idi. Rəhmətə gedən Əli Ağalı Eminağa ilə yola getmirdi. Həmişə pirinsip aparırdı, onun dalınca danışırdı, maşında Emini söyürdü. Mən də sürücü idim. Bunu qəbul edə bilmirdim. O mənimlə də ədavət aparırdı. Çünki məni işə Eminağa düzəltmişdi. Emiağanın da rəhbərimiz olan ərəblə münasibəti yaxşı idi. Əli də bununla barışa bilmirdi. Əli şirkətdə direktor olanda mənimlə ədavətini artırdı. Mən də səbəbini soruşanda heçnə demirdi. Ancaq müdirin və Eminağanın arxasınca danışırdı".
E.Bəşirov əlavə edib ki, hadisə günü Əli ilə birlikdə hava limanına gedib: "Əli və digər iş yoldaşım Natiqlə hava limanına gedirdik. Yolda Əli yenə də eyni söhbətləri etməyə başladı. Eminağanın ünvanıma xoşagəlməz sözlər deyirdi. Mən ona xəbərdarlıq elədim. Artıq bu söhbətlər məni təngə gətirmişdi. Maşını saxlayıb dedim ki, "aşağı düş", düşmədi. Mən də qapını açıb, yaxasından tutub yerə düşürdüm. Natiq də düşdü. Maşına minib qapını örtdüm. Sürmək istəyəndə gördüm ki, Əli təpikləməyə başladı. Qapını açıb mənə yumruq, təpik zərbələri vurdu. Aşağı düşüb əlbəyaxa olduq. Natiq də sağ qolumu tutub burdu. Əli də məni vururdu. Sonra rəhbərlik bu söhbəti bildi. Məni çağırıb söhbət elədi. Dedim ki, əgər narazısınısa, mən işdən çıxaram. Dedilər ki, işdən çıxmırsan, sabah gələrsən Əligil də gələr danışarıq. Səhər ofisə gələndə Əli ilə aramızda mübahisə yenidən başladı. Bundan sonra maşından silahı gətirib onu vurdum".
E.Bəşirov Ə.Ağalını öldürməyi qabaqcadan planlaşdırmadığını deyib: "Əgər belə niyyətim olsa idi elə gələn kimi vurardım".
Təqsirləndirilən şəxs hadisəni psixoloji təsirlərdən sonra törətdiyini söyləyib.
Daha sonra məhkəmədə zərərçəkmişin hüquqi varisi, mərhum Ə.Ağalının atası Xalid Ağayev də ifadə verib.
O, dindar və axund olduğunu deyib. X.Ağayev oğlunun tərbiyəli olduğunu, ziyalı ailəsində böyüdüyünü söyləyib: "Oğlumun dilindən bir kəlmə belə söyüş çıxmazdı. Hər evə gələndə atasının, anasının əlini öpərdi. Bu şəxs təkcə oğlumu öldürməyib, ailəmizə, dayılarına, əmilərinə də bu acını yaşadıb. Oğlumun ölümündə təqdirləndirilən şəxsin dediklərinə inanmıram. Bu səbəblərə görə adamı öldürərlər? Deyir ki, psixoloji problemləri var imiş. Axı belə bir adama necə silah verilib? Dediyi kimi dava ediblər. Amma bir gün sonra qətli törədib. Yəni affekt vəziyyətində olmayıb, heç bir psixoloji problemi də yoxdur. Məncə bu işdə başqa bir səbəb var. Çünki bu səbəbə görə adam öldürməzlər".
X.Ağayev təqdirləndirilən şəxsə ömürlük cəza istəyib.
Qeyd edək ki, ittiham aktına əsasən, hadisə yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli "COBALT" markalı tüfənglə törədib.