Hacıqabul. 1 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda mal-qara otaran çoban bıçaqlanıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindəki yataqların birində qeydə alınıb.
Belə ki, sürülərini qışlamaq üçün Hacıqabula gətirmiş Quba rayon sakini, 27 yaşlı Rəvan Qasımov heyvanları otarmaq üçün örüşə buraxıb. Bu zaman qonşu yataqda tanıdığı şəxs itlərini onun itlərinin üstünə buraxıb. Özü də “Niva” markalı avtomobillə gələrək onun itlərini döyməyə başlayıb. Rəvan Qasımovun dediyinə görə, o, “İtləri niyə döyürsən?” soruşduqda həmin şəxs bıçaqla onun kürək nahiyəsindən vurub.
Kürək nahiyəsindən bıçaq yarası alan R.Qasımov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.